28 İyul, 2012
6 rayonun kanalizasiya sistemləri yenidən qurulacaq

“Azərsu” ilkin hazırlıq işlərinə başlayıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda su təchizaaı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə daha bir beynəlxalq layihənin həyata keçirilməsi üzrə hazırlıq işlərinə başlayıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, respublikanın 6 rayonunda - Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankının birgə maliyyələşdirəcəyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Proqramına Dəstək” layihəsi çərçivəsində həyata keçiriləcək.

“Azərsu” ASC bu layihələrin həyata keçirilməsinə yerli və xarici şirkətləri cəlb etmək məqsədi ilə ilkin hazırlıq işlərinə başlayıb və yaxın vaxtlarda tender proseslərinə start veriləcək.

Layihəyə əsasən Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq, hər bir rayonda sutəmizləyici qurğular yaradılacaq. İşlər tam başa çatdıqdan sonra bu rayonlarda ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək. İşlərin qısa müddətdə icra olunması üçün “Azərsu” ASC kreditin ayrılmasını gözləməyərək İİB-in razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihələndirmə işlərini həyata keçirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!