25 İyul, 2012
Çaylar da qurumağa başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hedrometeorologiya Departamenti bunu isti hava şəraiti ilə bağlayır

 Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-105, Kiçik Qafqazın çaylarında 95-125, Lənkəran-Astara bölgəsi çaylarında 70-140, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir. 

İyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 90 m3/s, ongünlük normanın 59 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 137 m3/s və ongünlük normanın 90 faizini təşkil edib.

İyulun 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 152 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 59 m3/s təşkil etmiş və ongünlük normanın 67 faizinə bərabər olub.

İyulun 25-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm, Şirvanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım, Salyanda 4 sm, Bankədə isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 386 sm (2011-ci il iyulun 25-də 431 sm), Şirvanda 261 sm (2011-ci il iyulun 25-də 314 sm ), Salyanda 204 sm (2011-ci il iyulun 25-də 305 sm), Bankədə 223 sm (2011-ci il iyulun 25-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2011-ci il iyulun 25-də 148 sm) təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!