19 İyul, 2012
Müəllim olmaq istəyənlər üçün imtahanın vaxtı və yeri açıqlanıb

Namizədlərin şəxsi elekton səhifələrinə lazımı məlumatlar göndərilib

Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbul olmaq istəyən namizədlər imtahanların harada və nə vaxt keçiriləcəyi açıqlanıb.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə, namizədlərin "Şəxsi səhifələri"nə imtahanların keçirilmə yeri və tarixi haqqında məlumat göndərilib.

Bu il 3270 vakant müəllim yerinə işə qəbul olmaq üçün 15 500 nəfər sənəd verib. Vakant yerlərin 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.

Bir qrup namizədin imtahanları 24 iyul saat 16.00-da Bakı şəhəri, Azadlıq prospekti, 909-cu məhəllə, “Təhsilin İnformasiyalaşdırılması İdarəsi” (Kooperasiya Universitetinin arxasında) keçiriləcək.

Diqqət: Qeydiyyatdan keçmək üçün imtahanın başlanılmasına 1 saat qalmış göstərilən ünvana gəlmək tələb olunur. Gecikənlər imtahana buraxılmayacaqlar. Namizədlər özlərilə şəxsiyyət vəsiqəsi və şəxsi kodu götürməlidirlər.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

TN ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!