18 İyul, 2012
Mehriban Xanlarova məhkəmədə qalib gəldi

Tanınmış aktrisaya ölkədən çıxma qadağası ləğv edildi

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın əməkdar artisti Mehriban Xanlarovanın apelyasiya şikayətinə baxılıb.

Simsar.az-ın məhkəmənin saytına istinadən verdiyi məlumata görə, Mehriban Xanlarovanın ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. 

Qeyd edək ki, Azərbaycanın tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarovanın ölkədən çıxması qadağan edilib. Bu barədə qərar aktrisanın daimi qeydiyyatda olduğu rayon üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən verilib. Məhkəmə qərarına əsas kimi M. Xanlarovanın borclu olması göstərilib. Rayon məhkəməsinin qərarından narazı qalan M. Xanlarova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mehriban Xanlarova isə APA-ya açıqlamasında məsələnin hüquqi tərəfi ilə vəkilinin məşğul olduğunu deyib. Aktrisa bildirib ki, onu “Unibank” məhkəməyə verib. Məhkəməyə verilməsinin səbəbi isə həmin bank vasitəsi ilə kreditlə aldığın avtomobilin pulunun ödənməməsidir.

M. Xanlarova 21 min manat borcunun bir hissəsini artıq ödədiyini deyib: “Banka borcum indi 16 min manatdır. Deyirlər, banka nə isə əmanət qoy, mənim nəyim var ki, girov qoyum? 16 min manata görə adamın ölkədən çıxışına məhdudiyyət qoyarlar? Hara qaçacağam Azərbaycandan, 16 minə görə ölkədən qaçaram mən? Uzaqbaşı məhkəmə qərar verəcək, maaşımdan çıxacaqlar...”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!