16 İyul, 2012
CƏNG, TƏNBUR, RUD, RÜBAB, SANTUR, QOPUZ… – ARAŞDIRMA

Qədim musiqi alətlərimiz zəngin mədəni tariximizi əks etdirir

Tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda qədim musiqi alətlərinin sayı 60-dan çox imiş. Təəssüf ki, bu musiqi alətlərimizin əksəriyyəti unudulub. Onların adlarına dastanlarda, klassik əsərlərdə rast gəlinir.

«Dədə Qorqud» dastanında Bamsı Beyrəyin «Mən qopuz çalım, ərə gedən qız oynasın» - ifadəsində bir çox musiqi alətlərimizin - tarın, sazın, rübabın, mənşəyi hesab olunan qolça qopuzun adı çəkilir. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin əsərlərində, orta əsr musiqişünaslarımız Əbdül Qadir Marağayinin, Səfiəddin Urməvinin tətqiqatlarında musiqi alətlərimizin geniş təsviri verilir.
Qədim musiqi alətlərimizdən 11-i Bakı Musiqi Akademiyasının laboratoriyasında, professor Məcnun Kərimovun rəhbərliyi altında bərpa edilib. Bərpa edilmiş cəng, tənbur, rud, bərbəd, çəganə, çobur, rübab, santur, qopuz həm eksponat olaraq, muzeylərdə sərgilənir, həm də «Qədim Musiqi Alətləri» ansambılında ifa edilir.

Sanki Nizami bu alətlərin unudulacağını bilirmiş

Alətlərin bərpasına gəlincə, burada müxtəlif mənbələrdən - əsasən klassik əsərlərdən, minatür sənətindən istifadə olunur. Bu əsərlərdə musiqi aləti haqqında məlumat toplandıqdan sonra, onlar üçün lazım olan avadanlıqlar əldə edilir və laboratoriyada bərpa edilir. “Qədim musiqi alətlərinin bərpası» laboratoriyasının rəhbəri Məcnun Kərimov bu işdə klassik əsərlərin əvəzsiz mənbə olduğunu deyir: «Sanki Nizami Gəncəvi bu musiqi alətlərinin unudulacağını bilirmiş. Öz əsərlərində alətlərimizi elə təssəvvür edir ki, tədqiqatçı bu əsəri oxuyanda alətin ölçüsü, neçə simli olması, pərdələrinin sayı, necə çalınması haqqında yetkin məlumatlara malik olur».

Orta əsrlərdə bir çox alətlər balqabaqdan hazırlanırıb

Qədim alətlərimizin bərpası çox çətinliklə başa gəlir. Hər alətin öz hazırlanma texnologiyası, istifadə olunduğu ağac növü var. Məsələn, 81 simli nüshə laboratoriyada 3 ildən artıq müddətə hazırlanıb. M.Kərimovun sözlərinə görə, alətşünaslığın özəlliyi ondan ibarətdir ki, alətlər bərpa edilməklə yanaşı həm də səsləndirilməlidir.
Orta əsrlərdə bir çox alətlərin çanaq hissəsi balqabaqdan hazırlanırmış. Bu növ adi balqabaqdan fərqlənir. İçərisi quruduqdan sonra, təmizlənir və alət düzəldilir. Qədimdə bundan su qabı kimi də istifadə olunurmuş. Balqabaqdan hazırlanan alətlərlərin səs tembri daha yüksək, özü isə taxta ilə hazırlanan alətlərldən yüngül olur. M.Kərimov qədim alətlərin bərpasında bundan istifadə edir. O, həmin balqabağın toxumunu uzaq şərq ölkələrindən gətirzdirərək Bərdədə yetişdirir.

Qədim alətlərimiz necə çalınır?

Alətlərimizin ifa tərzi unudulub. Bəs, bunlar necə çalınır? M.Kərimovun sözlərinə görə, hər alətə uyğun ifaçı seçilir: Məsələn, kamanla çalınan alətdirsə, kamança, mizrabla çalınan alətdirsə, tar, nüshəyə qanun, çəngə arfa ustaları dəvət olunur: «Əlbəttə ki, bu alətləri çalmaq birdən alınmır, amma ifaçılarımızın ifa vərdişləri olduğuna görə, müəyyən vaxtdan sonra bu alətləri ifa etməyi öyrənirlər. Digər tərəfdən bizim repertuarımızda həm də qədim musiqilər var. Əbdül Qadir Marağayinin XIV əsrdə yazılmış üç musiqisi var. Geyimlərimiz isə Səfəvilərə məxsus
XV-XVI əsrin paltarlarıdır».
Qdim alətlərimizin yenidən unudulmaması üçün nə etmək lazımdır, sualına həmsöhbətimiz cavab verdi ki, bu alətlər mütləq tədris olunmalıdır. Tədrisə daxil olmasa və bir qədər kütləvi istehsal olunmasa, alətlərimiz yenidən unudula bilər: «Bu çox vacibdir. Əslində gənclərimizin bu alətlərə marağı böyükdür və belə də olmalıdır. Hər bir musiqiçi öz musiqi kökünü bilməlidir. Qədim musiqi alətlərimiz proqrama salınmalıdır. Bu məsələ Təhsil Nazirliyi səviyyəsində həllini tapmalıdır».
M.Kərimovun «Azərbaycan Musiqi alətləri» kitabında qədim musiqi alətlərinin 48-i haqqında məlumat verilib. Kitab 4 dildə – Azərbaycan, türk, ingilis və rus dillərində çap edilərək dünyanın bir sıra ölkələrində yayılıb.

Sübut etməsəydim, heç kim bunların Azərbaycan xalqına aid olduğuna inanmazdı

Musiqi alətlərimizin əksəriyyəti başqa xalqların adı ilə təqdim olunur. Dünya muzeylərində alətlərimizin yanında erməni, türk, fars adları yazılır: «1996-cı ildə Avstraliyada keçirilən «Musiqi alətlərinin bərpası, tədqiqi və mühafizəsi» mövzusunda elmi konfransda iştirak edirdim. Burada yapon alimi çıxış edərək, cəngin tətqiqi haqqında məlumat verdi. Yaponiyada çəngin 9-12 simli növü olub. Ondan sonra mən çıxış etdim və qədim alətlərimizin bərpası, tətqiqi haqqında məlumat verdim, həm də əyani olaraq, onları səsləndirdim. Fasilədə yapon alimi mənə yaxınlaşdı və heyrətini bildirdi, dedi ki, əgər mən bunları əyani olaraq sübut etməsəydim, heç kim alətlərin Azərbaycan xalqına məxsus olduğuna inanmazdı. Bakıya qayıtdıqdan sonra həmin alim mənə «Qədim musiqi alətlərinin atlası» adlı kitabı göndərdi və xahiş etdi ki, burada olan alətlərin bölgədə kimə məxsus olduğu haqda qeydlər yazım. Ensklopedik kitabının bir səhifəsində də Azərbaycan adına rast gəlmədim. Tar və kamançamızın şəkillərinin altında «Ermənistan», sazımızın altında isə «Türkiyə» sözləri yazılmışdı, bütün alətlərimiz başqa xalqların adı ilə təqdim olunmuşdu. Alma-Atadakı muzeydə Azərbaycan bölməsinə baxanda adam utanırdı, çox zəif təşkil olunmuşdu. Ermənilərin, gürcülərin isə hər şeyi var idi. Çünki, onlar özləri bunu təşkil edirlər. Qazaxıstanda 2 min erməni, 500 minədək azərbaycanlı yaşayır. Onlardan bəlkə də heç 5 nəfəri həmin muzeydə olmayıb».

«Balaban kiçik ban deməkdir

Balabanın, eləcə də qavalın başqa xalqlara məxsus oldüğünü deyirlər. Ancaq Məcnun müəllim bunların yanlış iddia olduğunu deyir: «Balaban kiçik ban deməkdir. Yəni xoruzun banı. Sırf Azərbaycan musiqi alətidir, çox geniş istifadə olunub. Orta əsrlərin rus, türk, Orta Asiya alimlərinin hamısı bunun Azərbaycana məxsus olduğunu bildiriblər. Qavaldan əvvəl dəf istifadə olunub. Dəf daha kiçik və bir qədər fərqli alətdir.
Zəngin mədəniyyətə malik olduğumuz halda, niyə bunu sübut edə bilmirik, məsələsinə gəldikdə professor deyir ki, xalqımız çox istedadlı, inkişafa meyillidir, amma unutqandır: «Özbəklər nə rübabını, nə tənburunu, nə də çuxasını unutmayıb. Əslində, belə olmalıdır. Digər tərəfdən isə bu alətlərin hazırlanması çox mürəkkəbdir. Amma hər birinin çox geniş imkanları var, yəni məhdud olduqlarına görə unudulmayıblar. Həm qədim müsiqiləri, həm də xalq mahnılarını, muğamları ifa etməyə qadir alətlərdir».

Məcnun müəllim laboratoriyadakı əsrarəngiz ahəngə malik alətlərdən bəzilərini bizə təqdim etdi:

Rübab: Simli musiqi alətləri qrupuna aid, tara bənzər alətdir, 6 simi, 18-ə yaxın pərdəsi var. Üzünə balıq dərisi çəkilir. Orta Asiya ölkələrində - xüsusilə özbəklərdə, taciklərdə də rübab var. Orta əsrlərdə Azərbaycanda bu alətdən çox istifadə olunub. Rübab əsasən XII əsrdə çalınıb.

Tənbur: İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbrizlilər tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla - baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək istifadə olunub.

Rud: Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir. XVI əsrə qədər gəlib çatıb.

Çəng: Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, bizdə olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də alətə çəng deyirlər.

Səntur: Toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır.


Qədim Musiqi Alətləri Ansambılının solisti Nuriyyə Hüseynova ilə də söhbət etdik. Onun bildirdiyinə görə, ansambl 1987-ci ildə yaranıb, 1995-ci ildən dövlət statusu alıb: «Biz çoxsayı xarici səfərlərdə olmuşuq. Ölkəmizə gələn xaricilərin qarşısında da konsertlər vermişik. Konsertlərimiz çox maraqla qarşılanıb. Qədim musiqi alətlərimiz, eləcə də mili geyimlərimiz onların heyrətinə səbəb olub. Həm xaricdə, həm də ölkəmizdə qədim musiqimizi, bununla yanaşı, geyimlərimizi, adət-ənənələrimizi təbliğ etmişik». 

Xatirə Nəsirli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!