16 İyul, 2012
“Gənc Qan Donorları üçün Yay Universiteti, Batumi-2012” layihəsi yekunlaşıb

Layihənin son günü gənclər Batumi şəhər Administrasiyasının qonağı olublar

Gürcüstanın Batumi şəhərində keçirilən “Gənc Qan Donorları üçün Yay Universiteti, Batumi-2012” layihəsi yekunlaşıb. Simsar.az-ın məlumatına görə, "Qan Donorları Assosiasiyası”, “İRƏLI” İctimai Birliyi və “Marneuli Gənclər Mərkəzi” tərəfindən həyata keçirilən layihədə 30 azərbaycanlı, 30 gürcü gənc iştirak edib. Layihənin rəsmi açılışı Gürcüstanın Marneuli şəhərində icra hakimiyyətinin qarşısında açıq havada baş tutub.

Tədbirdə Marneuli Gənclər Mərkəzinin nümayəndəsi Emin Əhmədov, Qan Donorları Assosasiyasının sədri, layihə rəhbəri Fuad Əskərov, Marneuli icra başçısı Zaza Dekanoidze, "İRƏLİ" İctimai Birliyinin nümayəndəsi İmam Quliyev, Kvemo Kartli (Borçalı) bölgə qubernatorunun müavini Koba Kobiaşvili, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, "MƏN" Corporate Branding içraçı direktoru Sahil Balazadə çıxış edib.

İştirakçılara layihə müddətində Qan Donorları Assosasiyasının sədri Fuad Əsgərov, “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi İmam Quliyev, USAİD-in nümayəndəsi Georgi Tsixinaşvili, Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov tərəfindən şəbəkələşmə, qan donorluğu, ilkin tibbi yardım və digər mövzularda təlim keçirilib.

Layihənin son günü gənclər Batumi şəhər Administrasiyasının qonağı olublar. Eyni zamanda iştirakçılar Batuminin tarixi ərazilərinə ekskursiya edib və Batumi şəhərində keçirilən Gürcüstan Gənclər Festivalında iştirak ediblər.

Layihənin rəsmi bağlanış mərasimi Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutub və layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə Gürcüstan Reinteqrasiya Nazirliyi, ARDNŞ-ın (SOCAR) Gürcüstan nümayəndəliyi və Marneuli İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Fatimə 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!