15 İyul, 2012
Bakıda güclü külək və yağış

Yol polisi gücləndirilmiş rejimdə çalışır, hava limanı da işləyir

Bu gün səhər saatlarından etibarən Bakıda güclü küləklə müşayiət olunan yağış yağmağa başlayıb.

Simsar.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyini, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağını bildirib.

Bu gün paytaxtda şimal küləyi əsir. Havanın temperaturunun gecə 20-25, gündüz 25-30 dərəcə isti olacağı bildirilir.

Nazirlik Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı proqnozlaşdırsa da, hazırda dənizdə güclü dalğalar olduğundan çimərliklərdən istifadə edilməsi mümkünsüzdür.

Bu gün bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Bölgələrdə şimşək çaxır, yağış yağır. Qərb küləyi əsir, ayrı-ayrı yerlərdə arabir güclənir. Hidrometeoroloqlar havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağını proqnozlaşdırıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportundan isə Simsar.az-a hava şəraitinin təyyarələrin hərəkətinə təsir etmədiyi, uçuş marşrutlarında dəyişiklik edilmədiyi bildirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə hava şəraiti ilə əlaqədar yol polisinin gücləndirilmiş iş rejimində çalışdığı bildirilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!