14 İyul, 2012
Son üç ayda 106 ilan sancaması

İlan sancmasından 1 nəfər ölüb, 3 nəfərin vəziyyəti ağırdır

Bu il aprelindən etibarən Azərbaycanda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə 106 müraciət daxil olub.

 Bu barədə Simsar.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirib. 

Onun sözlərinə görə, müraciət edənlər xəstəxanaya yerləşdirilib və vəziyyətləri yaxşılaşdıqdan sonra evə buraxılıblar. A. Maqsudov bu il ilan sancması nəticəsində bir ölüm halının baş verdiyini də bildirib. Şöbə müdiri deyib ki, 18 yaşlı Şəki sakini gürzə ilanın sancması nəticəsində dünyasını dəyişib. A. Maqsudovun sözlərinə görə, hazırda xəstəxanada 3 xəstə var və onlardan ikisinin vəziyyəti ağır, birininki isə orta-ağırdır.

A. Maqsudov ilan sancmalarından qorunmaq üçün əhaliyə müraciət də edib: “Kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatlı olmaq, mümkünsə rezin çəkmə və əlcəklərdən istifadə etmək lazımdır. Təbiət qoynunda istirahət edənlər də ayıq-sayıq olmalıdır. İlan yuvaları əsasən, sakit yerlərdə olur, ağacların altına, kolların aralarına diqqətlə baxmaq, meşə və çəmənliklərdə ehtiyatlı olmaq lazımdır. İlan sancması baş verən zaman vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!