10 İyul, 2012
Həbsdəki baş redaktor “Yeni Müsavat”ı məhkəməyə verib.

Nazim Quliyev qəzetdə təhqir olunduğunu iddia edir

“İdeal” qəzetinin baş redaktoru, 13 il 3 ay müddətinə azadlıqdan məhrum olunmuş Nazim Quliyev “Yeni Müsavat” qəzetinə qarşı daha bir iddia qaldırıb. 

Simsar.az-ın məlumatına görə, qəzetin hüquqşünası Vaqif Hüseyn qeyd edib ki, N.Quliyevin “Yeni Müsavat”la bağlı xüsusi ittiham qaydasında şikayəti iki il əvvəl də olub: “O zaman proses keçirildi. Hökm də çıxarıldı. Nazim Quliyev qəzetin baş redaktorun 1-ci müavini Azər Ayxanı xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Məhkəmə isə Azər Ayxana bəraət verdi. Nazim Quliyev ”Yeni Müsavat" qəzetində onun haqda böhtan, şərəf və ləyaqəti alçaldan yazılar dərc olunduğunu iddia edirdi. Ancaq biz onun hazırda həbsdə yatdığı maddələrdə nəzərdə tutulan əməlləri barədə yazmışdıq. İndi isə Nazim Quliyev yenidən eyni iddia ilə məhkəməyə müraciət edib. Bu, qanunsuzdur. Eyni əmələ görə iki dəfə məhkumluq olmaz, bu barədə qərar çıxarılıbsa, ikinci dəfə cinayət işi qaldırıla bilməz. Bizdə olan məlumata görə, əslində onun yenidən eyni iddia ilə məhkəməyə müraciəti onun qaldığı istintaq təcridxanasından çıxmaq istəməməsi ilə bağlıdır. O, istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə getmək istəmir. Odur ki, bu cür iddia ərizələri ilə vaxtı uzadır. Hakimin isə bu işi icraata qəbul etməsi də tamamilə qanunsuzdur".

V.Hüseynin sözlərinə görə, hazırlıq iclası iyunun 27-də keçirilsə də, prosesin keçiriləcəyi barədə məlumat onlara məhkəmədən sonra gəlib çatıb. Növbəti proses isə iyulun 13-də Bakının Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi ilə keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!