23 İyun, 2012
XATİRƏ NƏSİRLİ: Şagirdlərimizin biliyi bir ildə fantan vurub

Və ya bir neçə ayda Enşteynlər haradan çıxdı?

Məleykə Abbaszadə ən çox hörmət etdiyim dövlət məmurlarından biridir. Onu dövlət qurumları başçıları arasında daha məsuliyyətlisi, daha demokratiki və daha düzgünü kimi tanıyıram. Vaxtilə qəbul imtahanlarından hazırladığım reportajlar bu fikri birbaşa söyləməyimə əsas verir - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycandakı ən obyektiv qurumlardan biridir. Məleykə xanımın Təhsil Nazirliyinin işi ilə bağlı tənqidi fikirləri, orta məktəblərdə baş verən neqavativ hallar, şagirdlərimizin bilik səviyyəsi ilə bağlı bəyanatları ilə də hər zaman razılaşmışam. Çünki görünən dağa bələdçi lazım deyil. Hər bir azərbaycanlı ailəsində məktəblilər var və təhsilimizdəki neqativliklər də göz qabağındadır.

Artıq orta məktəblərdəki buraxılış imtahanları TQDK-nın səlahiyyətinə verilib və bir neçə ay ərzində qurum bu işlə məşğul olaraq, builki imtahanları realaşdırıb.
Görünür, təkcə bu, Məleykə xanımın fikrinin 180 dərəcə dəyişməsi üçün kifayyət edib. Həmişə orta məktəb məzunlarının böyük hissəsini «2»-yə layiq görən Qəbul Komissiyasının sədri bu dəfə vəziyyətin birdən-birə yaxşılaşdığını bəyan edib. Deyib ki, bütün 11-cilərin 91.42 faizi müsbət nəticə göstərib. Məleykə xanım müəllimlərin imtahanlarda özlərini düzgün apardığından sevindiyini də gizlətməyib.

Görünür, buraxılış imtahanlarının Qəbul Komissiyasının səlahiyyətinə verilməsi məktəbliləri o qədər sevindirib ki, onların biliyi birə-beş artıb, rüşvətxorluğun kökü də tamamilə kəsilib…Ya da ki, sadəcə məktəblilərimiz hardansa yıxılıb və ya başları harasa çırpılıb, beyin hüceyrələrinin hamısı işə düşüb və hərəsi bir Enşteyn olublar.
Məleykə xanımın bəyanatındakı rəqəm nədənsə mənə vaxtilə Hüsnü Mübarəkin, Müəmmar Qəddafinin, Orta Asiya rəhbərləri və digər avtoritarların keçirdiyi seçkilərin nəticələrini xatırlatdı. Onlar da vaxtilə xalqın səsinin «90 faizindən çoxunu” qazanmışdılar.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!