14 İyun, 2012
Elmar Hüseynov: “İt hürdü...”

Özünüzü itdən qoruyun...

XXI əsri elm və texnologiya əsri adlandıranlar bu ifadənin qarşısına bir sevgisizlik sözünü də artırsaydılar yaxşı olardı. Artıq elə bir dövrə çatmışıq ki, insanların bir-birinə qarşı sevgisinin yerini qəzəb, nifrət, kin-küdrət tutub. Bu sevgisizlik dövründə insan sevgisinə ehtiyacı olan bir heyvan var. Bu dəfə nədənsə bu heyvan məni daha çox düşündürdü. Bəlkə də oxucular üçün maraqlıdır ki, axı nə demək istəyirəm?

...Hər şey itin hürməsi ilə başladı...

Öncə insan itin səsini eşitdi və bu səsdən kənardakıların qorxduğunu gördü. Sonra da Allahın bu heyvanının ona lazım olacağını düşünüb, tez onu əhliləşdirdi...

Bundan sonrası aydındı... İt insanın bir nömrəli köməkçisinə çevrildi. Ova, döyüşə aparıldı. Qapıda qaravul çəkdi. Bütün bunların müqabilində isə cəmi bir tikə yemək verildi – bu gözəl yaranmışa...

İnsan yavaş-yavaş itin nə qədər fövqəladə gücə malik olduğunu görüb, onun nəslini, cinsini, növünü artırdı...

Ağsaqqallarımız, atalarımız bu qədər sədaqətli heyvan üçün məsəllər, atalar sözləri, nə bilim daha nələr düzüb qoşdular...

Sonra da arqo tipli idiomatik ifadələrdə özünə yer tapdı bizim sədaqətli dostumuz. “İt kimi sümük gəmirir”, “Qapılarda yallanır”, “İt itin ayağını tapdamaz”, “İtdən it olar” kimi ifadələrlə leksikonumuz zənginləşdi.

Bu qədər dilimizi zənginləşdirmək yetmədi ki, bu heyvan söyüşlərimizin də əsas müəllifinə çevrildi: “İt oğlu it”, “Köpək oğlu” və s.

Uzun sözün qısası bu gözəl heyvan həm varımızın, bərəkətimizin keşiyini çəkir, həm də dilimizi zənginləşdirir.

Ancaq zaman keçdikcə insanlarda baş verən dəyişikliklər bu heyvana da öz təsirini etdi. Bir vaxtlar zəhmindən adamın bağrı çatlayan itlər mamılı-matan qızların qucağında oyuncağa, kuklaya çevrildilər...

Elə burda bir haşiyəyə çıxmaq istəyirəm. Bir dəfə parkda gəzərkən gözəl bir rus qızı qucağında da balaca it qarşımıza çıxdı. Dostum da eləmə tənbəllik qıza qayıtsın ki, “elə istəyərdim qucağındakı it olmağı”.

Hə... yadımdan çıxmışdı lap. Onu deyəcəkdim axı. Ölkəmizin ən populyar yarışlarından biri də it boğuşdurmaqdır. Bu sahədə bəlkə də dünyanın ən inkişaf etmiş ölkələrindənik. Bu adət bizdə dərbi-qədimdən var. Səhv etmirəmsə rəhmətlik Mirzə Cəlil də itboğuşduran kişilərdən söhbət açıb.

Nəsə... Sizi çox dolanbaclara aparmayım gələk sözümüzünü mustafasaına...

Bu günlərdə Azərbaycanda dünyada olmayan qeyri-adi hadisə baş verdi. İki nəfər polis işçisi bir qadını günün-günorta çağı küçənin ortasında üst paltarları əynindən çıxana qədər sürüdülər. Hadisənin şahidləri olayı videolentə çəkdilər və sosial şəbəkədən yayılan videogörüntü medianın diqqətini özünü yönəltdi. İndi ölkədə demək olar ki, hamı bu hadisədən danışır.

Sözün düzü videonu bir neçə dəfə və diqqətlə izlədim. Soruşacaqsız ki, niyə, buna səbəb nə idi?

Səbəb çox sadədir. Videodan da görünür ki, hadisəni izləyən xeyli sayda şahid var. Amma bu qədər insandan birinin qeyrəti çatmır ki, hadisəyə heç olmasa öz etirazını bildirsin.

Burda diqqətli olun.

Hadisə zamanı dayanmadan hürən bir it səsi eşidilir.

Bəs deyirdiz, namusu atdılar itə it götürmədi?

Küçənin ortasında iki namussuz bir qadına qarşı zor tətbiq edir. Namusu yaxşı şey hesab edib götürən insanlar bunu qəbul edir, amma namusu seçməyən itsə bu namussuzluğu qəbul etmir.

İtin hadisə zamanı dayanmadan hürməsi ona olan hörmətimi bir az da artırır. Ürəyimdən, kaş ətrafdakılar da it olaydı... arzusu keçir... amma...

Sonda itlə bağlı bir məsəl yadıma düşür. Bura Azərbaycandır, qardaş. Burda Siyasətçilərin ən çox sevdiyi məsəl “İt hürər, karvan keçər”dir... Beləcə videodakı it hürəcək, sonra da kimlərinsə it hesab etdiyi kimlərsə danışacaq, vəssalam... Bu iş də belə bitəcək...

Sonda, oxuculara bir arzum var: “Özünüzü qudurmuş itdən qoruyun, fərq etməz neçə ayağı var!”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!