5 İyun, 2012
Qaçqın qızlar üçün pulsuz dərzi kursları

Məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsidir

«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və İnkişaf Nazirliyinin Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk qrupda dərslər yekunlaşıb.

İctimai Birlikdən simsar.az-a daxil olan məlumata görə, artıq növbəti qruplarda dərslərə başlanılıb. Bu dəfə də dərslər hər birində 10 nəfər olmaqla iki qrupda aparılır. Kurslar həftədə 3 dəfə keçirilir. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub.

Qeyd edək ki, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsi 6 ay müddətində davam edəcək. Layihədə əsas məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır. Bu həm də həmin təbəqədən olan şəxslər arasında əmək miqrasiyasının azaldılmasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!