29 May, 2012
“54 gün erməni mühasirəsində”


Kitabının təqdimatı keçirilib

Bu gün Bakıda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan, müəllifi Laçından məcburi köçkün Əli Əliyevin olduğu “54 gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib.

Təqdimatı açan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında məlumat verərək, burada kitab müəllifi Əli Əliyevin canlı şahidi olduğu hadisələrin, 54 gün erməni mühasirəsində keçirdiyi mühasirə həyatının əks olunduğunu qeyd edib. Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirləri çərçivəsində Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabının ilk təqdimatı Türkiyənin Aydın Universitetində keçirilib. Kitabın artıq Gürcüstanda da təqdimatı keçirilib.


“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan “Dağıdılmış mədəniyyət beşiyi -Şuşa” filmi ilə bağlı da məlumat verən millət vəkili Qənirə Paşayeva filmin artıq Azərbaycanla yanaşı Türkiyənin bəzi şəhər, universitet və mərkəzlərində, Gürcüstanda təqdimatlarının keçirildiyini və bu tədbirlər çərçivəsində filmin nüsxələrinin geniş çəkildə yayıldığını bildirib.

“Mən çıxışımı Azərbaycan prezidenti cənab İlham Əliyevin “Biz müdafiədən hücuma keçməliyik” fikirləriyə tamamlayaraq, bütün dünyada yaşayan azərbaycanlılara və xaricdə fəaliyyət göstərən həm Azərbaycan, həm də türk diaspor təşkilatlarına səslənərək Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni yalanlarına qarşı mübarizədə informasiya müharibəsini daha da gücləndirməyə çağırıram. İnşallah gələn tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik. Mən əminəm ki, o gün uzaqda deyil”, - deyə millət vəkili qeyd edib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!