24 May, 2012
“I Türk-İran dil və ədəbiyyat əlaqələri” mövzusunda beynəlxalq simpozium keçirilib

Simpoziuma dünyanın müxtəlif ölkələrindən 75 elm adamı qatılıb

Türkiyənin İstanbul şəhərində Tehran və İstanbul Universitetlərinin birgə təşkil etdikləri “I Türk-İran dil və ədəbiyyat əlaqələri” mövzusunda keçirilən beynəlxalq simpoziumda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev də iştirak edib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən simsar.az-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən gəlmiş 75 elm adamının qatıldığı tədbirdə əsasən orta əsrlərdə Anadolu və İran məkanında dil və ədəbiyyat məsələlərinin aktual problemləri müzakirə olunub.
Beynəlxalq simpoziumda bölmə iclasına sədrlik etmiş həmyerlimiz, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin Azərbaycanda öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzə edib. Ə.Quliyev müstəqillik dövründə Azərbaycanda dünya ədəbiyyatından tərcümə işinə geniş yer verilməsindən, o cümlədən Mövlana irsinin öyrənilməsi və nəşrindən ətraflı bəhs edib.
Simpoziumun sonuncu günündə tədbir iştirakçıları İstanbulun tarixi yerlərilə yaxından tanış olublar.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!