22 May, 2012
"Azərsu" 6 rayonun su xətlərini yenidən quracaq

Cəmiyyət bununla bağlı İslam İnkişaf Bankından kredit alacaq

“Azərsu” ASC-nin rəhbərliyinin İslam İnkişaf Bankının (İİB) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşü keçirilib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə İİB ilə “Azərsu” ASC arasında 6 rayonda - Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə maliyyələşmə məsələləri müzakirə edilib.

“Azərsu” ASC-nin xarici sərmayələr üzrə sədr müavini İlqar Tağıyev İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya layihələrində yaxından iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında bankın əməkdaşlığını yüksək qiymətləndirib.

Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankının nümayəndə heyətinin rəhbəri Papa Sy təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verməkdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, keçirilən görüşlərdə kredit sazişinin şərtləri razılaşdırılacaq və səfərin sonunda Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında kredit sazişi imzalanacaq. Layihəyə əsasən Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək, həmin şəhərlərin kanalizasiya sistemləri yenidən qurulacaq. İşlərin qısa müddətdə icra olunması üçün “Azərsu” ASC kreditin ayrılmasını gözləməyərək İslam Bankının razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihə işlərini həyata keçirib. Bu layihənin icrası əhalinin içməli suya olan təlabatının yaxşılaşdırmaqla yanaşı, 7 minə qədər yeni iş yerinin açılmasına imkan yaradacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!