15 May, 2012
Azərbaycanda 1 milyon 275 min 630 nəfər əmək pensiyaçısı var

Əmək pensiyalarının orta aylıq məbləği 150 manatdır

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, aprelin 1-ə qədər olan statistikaya əsasən əmək pensiyası alan şəxslərin 498 min 190 nəfəri kişi, 777 min 440 nəfəri isə qadındır. 


Onlardan 807 941 nəfəri yaşa görə, 333 730 nəfəri əlilliyə görə, 133 959 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. Son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir. Ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 150 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 166 manatdır.


Əmək pensiyası “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var. Bura yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!