12 May, 2012
Buraxılış sinif şagirdlərinə elektron attestatlar veriləcək

Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır

Bu il Azərbaycanda buraxılış sinif şagirdlərinə elektron şəhadətnamələr (attestatlar) veriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, bu barədə bu gün təsdiq olunan “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda nəzərdə tutulub. 

Qaydalara əsasən, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik), buraxılış imtahanının qiymətlərinin ədədi ortasına, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortasına uyğun olaraq çıxarılır. 

Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər TQDK tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!