8 May, 2012
Yazıçıların mənzil məsələsi "düyünə düşüb"

Əlavə Dəyər Vergisini kim ödəyəcək?

“Abidə” MTK Əlavə Dəyər Vergisinin yazıçılardan tutulmasını istəyir, narazılıqlar başlayıb

Azərbaycan Yazıçılar Birliyində ev növbəsində olanlara verilən mənzillə bağlı yeni problem yaranıb. Simsar.az-ın məlumatına görə, binanı tikən “Abidə” MTK mənzillərdən tutulan Əlavə Dəyər Vergisinin (ƏDV) məbləğini yazıçılardan almaq istəyir

Azərbaycan Yazıçılar Birliyi (AYB) 1997-ci ildə şəhərin mərkəzi hissəsində pulsuz torpaq sahəsi almağa nail olub. Razılaşmaya əsasən, torpaq sahəsində tikilən binadan 9 mənzil AYB-də ev növbəsində duran yazıçılara verilməlidir. 9 mənzil isə 4 nəfərə 1 mənzil olmaqla 36 yazıçı arasında satılıb pulu bölüşdürüləcək. Bu yaxınlarda AYB mənzil alacaq yazıçıların siyahısını açıqlayıb.

Adı siyahıda olan AYB üzvü şair İlham Qəhrəman Simsar.Az-a öncə Yazıçılar Birliyinin rəhbərliyinə ona göstərilən diqqətə görə təşəkkür edib. Daha sonra mayın 7-də yazıçıların ƏDV ödəməli olması ilə bağlı məlumat aldığını deyib: 

“Dünən verilən məlumata görə, mənzillər 18 faizlik ƏDV-yə cəlb olunacaq. Halbuki torpaq sahəsi “Abidə” MTK-ya pulsuz olaraq verilib. Mənzillər də yazıçılara pay şəkilində verilməlidir.

Digər tərəfdən, əgər 4 nəfərdən 3-ü mənzili bir nəfərə bağışlamaq istəyirsə, bağışlanan hədiyyəyə görə ƏDV tutula bilməz. Deməli, həmin adam ƏDV ödəməyə məcbur olunmamalıdır. Daha bir məqam odur ki, AYB bu torpağı mərhum prezident Heydər Əliyevdən alıb. İndi ƏDV tələb eləmək həm də buna görə yerinə düşmür”.

İlham Qəhrəman mənzillərlə bağlı ev növbəsində duran 36 nəfər arasında da narazılığın başlandığını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!