2 May, 2012
Hərbçilərə güzəştlər olacaq

Təlimatda əsgərlərin sanitar, əmək, mətbəx kimi işlərdən azad olunacağı gözlənilir

Azərbaycanda hərbi xidmət keçənlərin təsərrüfat işlərindən azad olunması tələbi gündəmə gətiriləcək.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc çərşənbə günü Simsar.az-a bildirib ki, NATO standartlarının Azərbaycan Ordusunda tətbiqinin tələblərindən biri də budur.

Onun sözlərinə görə, əsgərlərin təlimatla nəzərdə tutulmamış sanitar, əmək, mətbəx və sair bu kimi işlərdən azad olunaraq həmin işlərin mülki şəxslərə həvalə olunması hərbidə ciddi keyfiyyət dəyişikliyinə səbəb ola bilər, xidmət keçənlərin sağlam mənəvi-psixoloji durumuna müsbət təsir göstərər.

"Bu əsgərlər və zabitlər arasında psixoloji gərginliyin yaranmamasına, hərbi xidmət keçənlərin təlim prosesinə konsentrasiya olunmasına gətirəcək", - deputat deyib.

Zahid Oruc hesab edir ki, bu məsələ Azərbaycan-NATO münasibətlərinin 3-cü fazasında tələb kimi gündəmə gələ bilər və onda ölkənin hərbi qanunvericiliyinə bununla bağlı müəyyən dəyişikliklər zamanın tələbinə çevriləcək.

"Azərbaycanın ordu quruculuğunun ən mühüm komponentlərindən biri onun beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə yanaşı, dünyanın aparıcı ölkələrinin mövcud praktikasından istifadə etməkdir", - o deyib.

Zahid Oruc qeyd edib ki, hazırda NATO standartları tədricən alyansın tərəfdaşı olan postsovet ölkələrində tətbiq olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!