26 Aprel, 2012
Sahibsiz meyitlər elmi institutlara veriləcək

İnsan orqanizminə sonrakı nəzarəti mümkünsüz edən tibbi müdaxilənin tətbiqi qadağandır

Azərbaycanda tibb müəssisəsinin müdiriyyəti 24 saat ərzində pasiyentin tibb müəssisəsinə yerləşdirilməsi barədə pasiyentin qohumlarını və ya onun qanuni nümayəndələrini, bu mümkün olmadığı halda isə ərazi polis orqanlarını xəbərdar etməyə borcludur.

Simsar.az-ın xəbərinə görə bu “Pasiyentin hüquqları haqqında” qanun layihəsində əksini tapıb. 

Yeni qanuna əsasən, insan orqanizminə sonrakı nəzarəti mümkünsüz edən tibbi müdaxilənin, dərman və tibb vasitələrinin tətbiqi qadağandır.

Bundan başqa, pasiyentin mənafeyi tələb etdiyi hallar istisna olmaqla, pasiyentdə hər hansı protez, orqan, toxuma və mühitin, o cümlədən abortiv materialın, doğuş zamanı ayrılan toxuma və mühitin götürülməsi qadağan olunur. Bu müddəa vəfat etmiş şəxslərə də şamil olunur. Vəfat etmişin ailə üzvləri, qohumları olmadıqda onun bədəninə hörmət hüququna riayət etmək şərti ilə mərhumun orqan və toxumalarının tədris və elmi məqsədlər üçün istifadə edilməsinə icazə verilir.

Həmçinin, pasiyentin hüquqlarını irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Tibb müəssisələrində göstərilən ödənişli xidmətlər və onların qiyməti haqqında məlumatlar pasiyentə əvvəlcədən bildirilməli və tibb müəssisəsində bu məqsədlər üçün ayrılmış xüsusi yerlərdə yerləşdirilməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!