26 Aprel, 2012
Qeyri-maddi irsin qorunması ilə bağlı qərar veriləcək

Bu qaydalar erməni plagiatlığına qarşı mübarizədə əsaslı dönüş yaradacaq

Azərbaycan Nazirlər Kabineti Azərbaycanın qeyri-maddi irsinin qorunması ilə bağlı xüsusi qərar qəbul edəcək.

 Bu qərar Azərbaycanın qeyri-maddi irs nümunələrinin xüsusi qeydiyyatını və pasportlaşmasını nəzərdə tutur. Bu barədə Simsar.az-a Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, qeyri-maddi mədəni irsə Azərbaycanın folklor nümunələri, xalq yaradıcılığı, tətbiqi sənəti, dastanları, mahnıları, rəqsləri, ənənəvi bilikləri – milli yeməkləri, hətta xalq təbabətinə daxil olan yerli dərmanları daxildir. 

Bu qaydalar erməni plagiatına qarşı mübarizə aparmaqda ciddi dönüşə səbəb olacaq: “Hazırda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) son 10 il ərzində çox vacib olan iki mühüm konvensiya ilə bağlı konsensusa gəlib. Bunlar folklor nümunələrinin qorunması haqqında və ənənəvi biliklərin qorunması ilə bağlı konvensiyalardır. Həmin konvensiyaların hazırlanmasında Azərbaycan da iştirak edir. Azərbaycan bununla bağlı qabaqlayıcı tədbirlər görüb. Folklor nümunələrindən xaricdə istifadə ilə bağlı bizim xüsusi qanunumuz var. Ənənəvi biliklər müəlliflik hüququ qanunvericiliyinin 27-ci maddəsinə -ictimai varidata daxil edilib və onun dövlət varidatı kimi qorunması mümkündür. 2004-cü ildən Azərbaycanda Avropada ilk dəfə folklor nümunələrinin qorunması haqqında qanun fəaliyyətdədir. Bu qanuna dəyişikliklər də aparılıb. Dəyişikliyə əsasən, xaricdə bizim folklor nümunələri istifadə olunacaqsa, o zaman müvafiq icra hakimiyyətindən icazə alınmalı və kompensasiya ödənməlidir. Ənənəvi biliklərlə bağlı qanunvericilkdəki son dəyişiklər ona gətirib ki, ictimai varidata daxil olan, heç vaxt qorunmayann obyektlər dövlət varidatına daxil olaraq qorunacaq. Bu iki konvensiyaya dövlətlər qoşulanda öz üzərlərinə öhdəliklər götürürlər. Biz buna hazırlaşırıq. Çünki bilirik ki, ermənilər oğurlayıblar, oğurlayırlar və gələcəkdə də oğurlayacaqlar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!