16 Aprel, 2012
Ev isətyən jurnalistlər sənədlərini fonda gələn il verə bilərlər

Vüqar Səfərli: “Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək”


“Mənzilə ehtiyacı olan jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq Fonda təqdim edəcəklər”.

Simsar.az-ın məlumatına görə, bunu «Mövqe.az» saytına Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, tikinti işləri təsdiq olunmuş qrafikə əsasən aparılır və heç bir yubanma yoxdur: “Hazırda binanın 8-ci mərtəbəsində tamamlama işləri gedir. Müqaviləyə uyğun olaraq tam təmirli mənzillərin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub”.

V.Səfərli əlavə edib ki, mənzilə sahib olmaq istəyən jurnalistlərdən, jurnalist təşkilatlarından, hətta aidiyyəti olmayan təşkilatlardan da Fonda müraciətlər edilir və onlara müvafiq cavablar verilir: “Bir daha jurnalistlərin nəzərinə çatdırmaq istərdik ki, hər hansı jurnalist təşkilatının məsələ ilə bağlı məktubla müraciət etməsinə ehtiyac yoxdur. Əvvəl də qeyd etdiyim kimi, jurnalistlər ev almaq üçün sənədləri yalnız fərdi qaydada təqdim edəcəklər”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!