13 Aprel, 2012
Apellyasiya Məhkəməsi AzTV ilə bağlı qərarını ləğv edib

Telekanal informasiya sorğusuna cavab verməlidir

Bakı Apellyasiya Məhkəməsi Az TV-nin informasiya sorğusu ilə istənilən bilgiləri verməməsini qanunazidd sayıb və onu bu bilgiləri verməyə məcbur edən qərar qəbul edib.

Media Hüququ İnstitutundan (MHİ) Simsar.az-a daxil olan məlumata görə, Azad Iqtisadiyyata Yardım İctimai Birliyi (AİYİB) AzTV-in 2009-cu il üzrə ümumi illik büdcəsinin məbləği, həmin ildə AzTV-də əmək haqqlarının ödənilməsinə ayrılan vəsaitin ümumi məbləği, AzTV rəhbərinin və departament rəhbərlərinin aylıq əmək haqları, televiziyanın büdcəsindən nəqliyyat vasitələrinin alınmasına, təmirinə, yanacaqla təchiz olunmasına ayrılan vəsaitin məbləği, televiziyanın binasının və ona aid tikililərin təmirinə ayrılan vəsaitin məbləği barədə bilgilərin təqdim olunmasını xahiş edib. Az TV bilgiləri kommersiya sirri olması arqumenti ilə sorğuçuya verməkdən imtina edib.

MHİ-nin “Məhkəmə çəkişmələri yoluyla şəffaflığın dəstəklənməsi” layihəsi çərçivəsində sözügedən iş üzrə məhkəməyə müraciət olunub.

MHİ-nin hüquqçu və vəkilləri məhkəmədən Az TV-nin üzərinə sorğunu cavablamaq vəzifəsi qoyan qərar çıxarmağı xahiş ediblər. Səbail Məhkəməsi də Az TV-nin informasiya verməkdən imtinasına istənilən bilgilərin kommersiya sirri olması əsası ilə haqq qazandırıb. Rayon məhkəməsinin ardınca Bakı Apellyasiya Məhkəməsi Az TV-nin bu arqumentləri ilə razılaşıb, Az TV-nin sorğuya cavab verməməsinə haqq qazandırıblar. Nəhayət, Ali Məhkəmə məhkəmə qərarlarının əsaslandırılmış olmaması ilə razılaşaraq onları ləğv edib və işi yenidən baxılması üçün aşağı məhkəməyə qaytarıb.

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi qeyri-hökumət təşkilatının bilgi almaq hüququnun pozulduğunu tanıyaraq Az TV-nin üzərinə istənilən bilgiləri vermək vəzifəsi qoydu. Məhkəmə göstərib ki, informasiya sorğusu ilə Az TV-dən istənilən bilgilər qanunla açıq sayılan bilgilər sırasına daxildir və Az TV həmin bilgiləri verməyə borcludur.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!