12 Aprel, 2012
Kür qalxır

 Çayda biogen maddələrin miqdarı normadan bir neçə dəfə artıqdır 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 141 m3/san artaraq 294 m3/san təşkil edib. 

Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) ötüb. Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Aprel ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.00-5.85 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!