5 Aprel, 2012
Hüquq müdafiəçiləri Quba məhbuslarının ailələri ilə görüşüb

Novella Cəfəroğlu: «Rauf Həbibovun çıxışına 141 nəfərdən heç biri cavab verməyib»

Hüquq müdafiəçiləri Quba hadisələrini araşdırmaq məqsədilə bu rayonda olublar. Simsar.az-ın xəbərinə görə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlıdan ibarət qrup Quba hadisələri ilə bağlı həbs olunanların ailələri ilə görüşüblər.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludan aldığımız məlumata görə, hüquq müdafiəçiləri hadisələri araşdırır: «Araşdırmamız zamanı məlum oldu ki, bu hadisələrin əsası noyabr ayında qoyulub. İcra başçısı Rauf Həbibov noyabr ayında keçirilmiş müşavirədə 141 nəfərin qarşısında məlum çıxışını edib. Həmin 141 nəfərdən heç biri bu sözlərin qarşısında cavab verməyib. Lakin, sonradan bir nəfər vasitəsilə çıxışdakı bəzi sözlər yayılıb. Doğrusu noyabrda baş vermiş məsələnin mart ayında üzə çıxması təəccüb doğurdu».
Hüquq müdafiəçisi hadisələr zamanı həbs olunan jurnalistlərin azadlığa buraxılacağının gözləndiyini dedi. Onun sözlərinə görə, həbs olunanların ailələri onların həbsinə etiraz ediblər: «Eləsi var ki, olayların şəklini çəkdiyi zaman saxlanılıb. Əksəriyyəti də cavanlardır».
N.Cəfəroğlu dedi ki, araşdırmalar sona yetdikdən sonra hüquq müdafiəçiləri əldə etdikləri məlumatlarla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!