3 Aprel, 2012
11 yaşlı rəssamdan böyük sərgi

Məmməd İsmayılov 5 yaşından rəsm çəkməyə başlayıb

Bakıda “Abşeron” bədii qalereyasında istedadlı gənc rəssam Məmməd İsmayılovun ikinci sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə qalereyanın direktoru Eldeniz İbrahimov məlumat verib.

3-7 aprel tarixində keçiriləcək sərgidə müxtəlif texnika ilə - yağlı, sulu boya, pastel, tuş, flomaster və karandaşla yerinə yetirilən təxminən 70 iş nümayiş ediləcək. Həmçinin qarışıq texnika ilə yazılan qrafik işlər təqdim ediləcək.

Məmməd İsmayılovun 11 yaşı var, o, Bakının ən istedadlı gənc rəssamlarından biri hesab edilir. Onun işləri respublikanın ən nüfuzlu sərgi zallarını bəzəyib və dəfələrlə xarici ekspozisiyalara daxil edilib.

M.İsmayılov 5 yaşından təcrübəli rəsm müəllimi Rəhilə Məmmədzadənin rəhbərliyi altında Mərkəzi Məktəblilər Sarayında təsviri incəsənət dərnəyində rəsm çəkməyə başlayıb.

Sonradan, M.İsmayılov Mədəniyyət və Turizm Nazirliyinin səyləri ilə məşhur rəsm müəllimi Dilarə Atakişiyevanın studiyasına qəbul edilib, burada bədii sənətin sirlərini öyrənməyə davam edir.

M.İsmayılovun şəkilləri “Təsviri incəsənətin 100 gülü” toplusu və “Azərbaybaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq” uşaqlar üçün ensiklopedik məlumat kitabına daxil olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!