30 Mart, 2012
Müsavatın qurultayına yenə yer ayrılmadı

İsa Qəmbərin müraciətinə mənfi cavab verilib 

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyanın VIII qurultayını keçirmək üçün yer ayrılması ilə bağlı martın 7-də Hacıbala Abutalıbova ünvanladığı rəsmi məktuba bu gün mənfi cavab verib.


BŞİH-dən göndərilən cavabda bildirilib ki, Müsavat başqanının məktubunda qeyd olunan ünvanlarda (Opera və Balet Teatrının zalı və Bakı Əl Oyunları Sarayı) tədbir keçirilməsinə razılığı həmin yerlərin rəhbərliyi verməlidir. BŞİH-nin həmin ünvanlarda tədbir keçirilməsinə icazə verib-verməmək səlahiyyəti yoxdur. Müsavata tövsiyə edilir ki, sözügedən ünvanların rəhbərliyinə müraciət edib razılıq əldə elədikdən sonra BŞİH-yə müraciət etsin.
Müsavat başqanının müavini Tofiq Yaqublu bildirdi ki, meriya yenə də qanunu pozaraq qurultaya yer ayırmaq fikrində olmadığını nümayiş etdirib: “İsa Qəmbərin Hacıbala Abutalıbova məktubunda açıq bildirilmişdi ki, biz Opera və Balet Teatrının rəhbərliyi ilə də danışıqlar aparmışıq. Bizə bildiriblər ki, Bakı şəhəri İcra Hakimiyyətinin razılıq verəcəyi təqdirdə qurultayın bu teatrın binasında keçirilməsinə etiraz etmirlər. Bu qədər aydın məsələdən sonra BŞİH-nin bizə yenə Opera və Balet Teatrının rəhbərliyi ilə razılıq əldə etmək tövsiyəsini verməsi qurultaya yer ayrılmasından imtina edilməsindən başqa bir şey deyil”.
T.Yaqublu dedi ki, meriyanın başqa bir ünvan təklif etməməsi də onun sözlərini təsdiqləyir: “Hakimiyyət Müsavatın qurultayının keçirilməsinə faktiki olaraq imkan vermir. Real vəziyyət budur. Biz vəziyyəti müzakirə edib bundan sonra hansı addımlar atacağımızı qərarlaşdıracağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!