29 Mart, 2012
TQDK DÜZƏLİŞ ETDİ

“Söhbət saxta diplomlardan deyil, “qara siyahı”dan gedir”

TQDK sədri Məleykə Abbaszadənin “saxta diplomlar”la bağlı açıqlaması ictimaiyyətdə çaşqınlıq yaradıb. Təhsil Nazirliyi rəsmilərinin bugünkü açıqlamalarında qeyd olunur ki, ölkədə 22 323 min saxta diplomun olması barədə deyilənlər həqiqəti əks etdirmir.

Bildirilir ki, bu qədər məzunun "qara siyahı"ya düşməsi barədə verilən açıqlama o qədər də, təhlükəli qarşılanmamalıdır. Burada söhbət TQDK-nın imtahanlarında iştirak etməyib, lakin Təhsil Nazirliyi tərəfindən qanuni diplomlar alan tələbələrdən gedir.

Qeyd edək ki, dünən "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirmişdi ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın "qara baza"sına düşsə də, onların əlində diplom var.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Simsar.az-a açıqlamasında deyib ki, M.Abbaszadə 22 min 332 nəfərdə saxta diplomun olması barədə açıqlama verməyib: “Bu qədər tələbə ali məktəblərə TQDK-nın xətti ilə daxil olmadıqları üçün onların adları “qara siyahı”ya düşüb. TQDK-nın xətti ilə ali məktəblərə daxil olmayan tələbələrə verilən diplomların saxta olub-olmadıqlarını söyləyə bilmərik”.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!