28 Mart, 2012
Millət vəkili taksi sürücüsünün döyülməsinə münasibət bildirdi

"Faktla bağlı təhqiqata başlanmasını alqışlayıram”

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə martın 26-da 8-ci mikrorayon ərazisində Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən taksi sürücüsünün vəhşicəsinə döyülməsinə münasibət bildirib.

”Taksi sürücüsünün nəqliyyat müfəttişləri tərəfindən döyülməsi ilə bağlı görüntüləri internetdə izlədim. Çox təəssüf ki, zərbənin kim tərəfindən və necə vurulması məqamı aydın görünməsə də, taksi sürücüsünün halsız vəziyyətdə yerə uzanmasını və digər vətəndaşlar tərəfindən ona yardım göstərilməsi aydın görünür. Eyni zamanda Nəqliyyat Nazirliyinin müfəttişlərinin xidməti geyim formasında olan bir əməkdaşının və mülki geyimli, əlində kiçik bel olan digər şəxsin hadisə yerindən uzaqlaşaraq Nəqliyyat Nazirliyinə məxsus “90 AF 364” nömrəli xidməti avtomobilə əyləşdikləri açıq görünür. Belə hesab edirəm ki, orada insident baş verib və bu araşdırılmalıdır. Artıq Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı təhqiqata başlandığını alqışlayıram”.

Ç.Qənizadə deyib ki, son illərdə nəqliyyat müfəttişləri tərəfindən dəfələrlə belə hadisələr baş verib. Buna görə bəzi müfəttişlər cəzalandırılsa da, bir çoxları cəzasız qalıb.

“Mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm. İstər taksi sürücüsü, istərsə də kəndli, fermer, müəllim əmin olmalıdırlar ki, dövlət hər bir vətəndaşının hüququnu qanunla qoruyur.
Mən bu işin təhqiqatına və ya istintaqına maraqlı şəxslər tərəfindən mane ola biləcək hər hansı bir müdaxilənin yolverilməzliyini qeyd edir və bu əməli törədənlərin layiqli cəzalandırılmasını tələb edirəm”.

Ruslan 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!