27 Mart, 2012
Kür-Araz daşqınlarının nəticələrinə dair növbəti hesabat

Hesabat müzakirəyə çıxarılacaq 

2010- cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı özünün növbəti hesabatını hazırlayıb.

Qərargahdan Simsar.az-a daxil olan məlumata görə, “2010- cu ilin Kür-Araz daşqınları; hazırkı vəziyyət, bölgənin durumu və inkişafı haqqında” adlanan hesabatda son aylarda Qərargah tərəfindən daşqın bölgəsində aparılmış monitorinqlərin yekunları, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, mövcud problemlər, yerli sakinləri narahat edən məsələlər, regionun sosial- iqtisadi inkişafı ilə bağlı vəziyyət və s. araşdırılıb. Hesabat öncəsi “Kür” Cəmiyyəti tərəfindən Mingəçevir Su Anbarında və Kür çayının Xəzər dənizinə tökülən hissəsində-deltada vəziyyət öyrənilib, Kür Araz çayları boyunca aparılmış bəndvurma və sahil bərkitmə işləri monitorinq edilib, ümumi vəziyyətin ölkədə yaxın zamanlarda ehtimal olunan daşqın və digər fəlakətlərin qarşısının alınmasında nə dərəcədə adekvat ola biləcəyi təhlil edilib.

Sənədin əsas bölümündə Kür-Araz daşqınların baş verdiyi Aran bölgəsində hazırki sosial iqtisadi vəziyyət araşdırılıb, kənd təsərrüfatının inkişafına mane olan səbəblər, yerli sakinlərin öz təsərrüfatlarını idarə edilməsində üzləşdiyi problemlər qeyd olunub və problemdən çıxış yolları barədə təkliflər irəli sürülüb.

Hesabatın nəticələr bölümündə ümumi vəziyyət dəyərləndirilib, həm daşqınların nəticələrinin tam aradan qaldırılması və infrastrukturun bərpa olunması, həm də regionun sosial-iqtisadi inkişafı ilə bağlı hökümətə ünvanlanan bir sıra tövsiyyələr qeyd olunub.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanmış hesabatın martın 28-də təqdimatı keçiriləcək.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!