14 Mart, 2012
Şamaxıda çirkab sutəmizləyici qurğu tikiləcək

Tenderin qalibi Almaniyanın “Bioworks” və yerli “TTŞ İnşaat” MMC şirkətlərindən ibarət konsorsium olub

“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə işlərə yaxın vaxtlarda başlanacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə məlumata görə, layihə üzrə keçirilmiş tenderin qalibi Almaniyanın “Bioworks” və yerli “TTŞ İnşaat” MMC şirkətlərindən ibarət konsorsium olub. 

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Konsorsium arasında tikinti üzrə podrat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Şamaxı şəhərində Çirkab Sutəmizləyici Qurğu tikiləcək. Şamaxı şəhərinin məişət-çirkab suları bioloji-davamlı aerasiyalı aktivləşdirilmiş lil sistemindən ibarət bu qurğuda təmizlənəcək. Çirkab Sutəmizləyici Qurğu ATV-131 standartları əsasında işləyəcək.

Məhsuldarlığı sutkada 9,5 min kubmetr olan qurğu təqribən 50 min nəfər əhaliyə xidmət edəcək. Çirkab Sutəmizləyici Qurğunun tikintisinin 18 aya başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin də yenidən qurulması nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!