13 Mart, 2012
Uşaqlarla bağlı dövlət orqanlarının koordinasiya şurası yaradılır

Şuranın uşaq müəssisələrində monitorinqlər aparması nəzərdə tutulur

BMT-nin uşaqlarla bağlı tövsiyələri əsasında Azərbaycanda aidiyyəti dövlət orqanlarının koordinasiya şurasının yaradılması və uşaqlarla bağlı Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. Simsar.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Elçin Əfəndiyev çərşənbə axşamı keçirilən tədbirdə deyib.

Əfəndiyev bildirib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Azərbaycan hökumətinin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının icra vəziyyəti ilə bağlı dördüncü, konvensiyanın "Uşaq alveri, uşaq fahişəliyi və uşaq parnoqrafiyasına dair" və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair" fakültativ proqramının icra vəziyyəti ilə bağlı hesabatlarının BMT-də
müzakirəsi keçirilib.

Müzakirələrin nəticəsi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə qarşıdakı 5 il üçün uşaq hüquqları sahəsində tövsiyələr təqdim edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, YUNİSEF-in iştirakı ilə koordinasiya şurasının əsasnaməsi hazırlanıb.

"Tövsiyələr uşaqlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, ratifikasiya olunmuş beynəlxalq sənədlərin icrası və institusional tədbirlərin görülməsi ilə bağlıdır. Azərbaycan hökumətinə yuvenal ədliyyənin yaradılması, uşaqlara qarşı zorakılığın qarşısının alınması, ailə mühitinin təmin olunması, ixtisaslaşmış uşaq polis xidmətinin yaradılması, uşaq cəza müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması, azadlıqdan məhrumetmə yerlərində saxlanılan uşaqların təhsilini davam etdirməsi üçün daha ətraflı proqramın hazırlanması ilə bağlı tövsiyələr verilib", - Hüseynova deyib.

Koordinasiya Şurasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılması, ildə iki dəfə toplanması və uşaq müəssisələrində monitorinqlərin aparılması nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!