13 Mart, 2012
Atlı süvarilər hərəkətə keçdi

Onlar məşəli Qoşa Qala qapısının qarşısına gətirəcəklər

Bu gün saat 10:00 radələrində ilaxır çərşənbə münasibət ilə 12 atlı süvarinin müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı musiqi sədaları altında İçərişəhərin Qoşa Qala qapısının qarşısından hərəkətə başlayıb. Simsar.az-ın verdiyi məlumata görə, yürüş Novruz bayramı tədbirləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Bayram karvanı Suraxanı rayonunda “Atəşgah” məbədində yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı “Gənclər meydanı”na gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq. “Gənclər meydanı”nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq. 


Qeyd edək ki, şənliklə əlaqədar dünən saat 21:00-dan bu gün saat 23:00-dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişdiyi yerdən Qoşa Qala qapısının qarşısındakı “Gənclər meydanı” istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!