12 Mart, 2012
Bu gün Süleyman Rüstəmin doğum günüdür

Şair ömrü boyu Təbriz həsrəti ilə yaşadı

Bu gün xalq şairi, öz dövrünün ən öncül yazıçılarından biri olan Süleyman Rüstəmin doğum günüdür. O, 1906-cı il martın 12-də Novxanı kəndində anadan olub. ADU-nun Şərqşünaslıq fakültəsinə daxil olub, oradan Moskva Dövlət Universitetinin Ədəbiyyat və İncəsənət fakültəsinə köçürülüb.
Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzvü, Azərbaycan SSR biricni çağırış Ali Sovetinə deputat seçilib, bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat, həmçinin Ali Sovetini sədri olub.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru,"Ədəbiyyat qəzeti"nin baş redaktoru olan şair, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilib.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub.
1989-cu il iyunun 10-da Bakıda vəfat edib.
Məhsuldar yaradıcılığı ilə seçilən S.Rüstəmin “Ələmdən nəşəyə”, “Addımlar”, “Şairin səsi”, “Ulduzlar”, “Ana ürəyi” , “Ana və poçtalyon” , “İki sahil”, “Cənub həsrəti” , “Təbrizim” kimi kitablarının müəllifidir. Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazıb.
Sonda, şairin anım günü ilə əlaqədar Sovetlər dövründə cəsarətlə yazılmış bir şeirini oxuculara təqdim edirik.


DİLİMƏ DƏYMƏ

Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də, bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın, çəmənimə sən,
Gör bir nələr etdin, vətənimə sən,
Yan - deyib, od vurdun, bədənimə sən,
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara,
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!