9 Mart, 2012
Jurnalistlər üçün yeni musabiqə

"Ən maraqlı yazı" adlı müsabiqədə bütün KİV nümayəndələri iştirak edə bilər

Avrasiya Əməkdaşlıq Fondu Avropa Proqramı çərçivəsində Avropaya inteqrasiya mövzusunda yazı müsabiqəsi elan edib. “Ən Maraqlı Yazı” nominasiyası üzrə məqalələri bütün KİV nümayəndələri qatıla bilər.

Fondun mətbuat xidmətinin rəhbəri Zümrüd İsmayılovanın verdiyi məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlərdə ictimai məlumatlılığı artırmaq, Avropa standartları və dəyərlərinin düzgün başa düşülməsini təşviq etməkdən ibarətdir. Bu müsabiqə həmçinin, Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin mövqeyinin əks olunmasına imkan yaratmaq məqsədi daşıyır.

Müsabiqə mövzuları üçün bir neçə istiqamət təklif olunur.

1. Avropaya inteqrasiya ilə bağlı məsələlərdə ictimaiyyəti məlumatlandırmaqda medianın rolu;

2. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin Azərbaycanda bazar iqtisadiyyatına təsiri;

3. Şərq Tərəfdaşlığı Təşəbbüsünün vətəndaş cəmiyyətinin inkişafına və davamlı fəaliyyətinə təsiri;

4. Avropaya inteqrasiya prosesində demokratiya/iqtisadi inteqrasiya/enerji təhlükəsizliyi/insanlar arasında əlaqələr və viza məsələlərinin həlli.

Yazılar martın 20-dək qəbul olunacaq. Qaliblərə bahalı hədiyyələr – Apple İpad, Netbook və rəqəmsal kamera təqdim olunacaq. Müsabiqənin yeganə şərti – qaliblər elan olunana kimi yazılar heç bir KİV-də dərc olunmamalıdır.

Bu gün AƏF “Jurnalistlər üçün Qış Məktəbi”-nin iştirakçıları arasında keçirilən müsabiqənin qaliblərini də elan edib. “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva 1-ci yer , “Qafqazinfo.az” saytının təmsilçisi Günel Əbilova 2-ci yer, müstəqil jurnalist Fərəh Sabirqızı 3-cü yerə sahibi olublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!