9 Mart, 2012
BAYRAM OLDU, HEÇ BİLMİRƏM NEYLƏYİM? - REPORTAJ

Baharın yaratdığı bahalıq

Yurdumuza bahar gəlir. Yox, hələ tələsməyin. Bahardan qabaq qapımızı bahalaşma döyür. Yazın gəlişini təkcə havaların qızmasından, təbiətin oyanmasından deyil, həm də bazarların od tutub yanmasından da sezmək mümkündü. Əslində, bayram qabağı bahalaşma ənənə halını alıb. Qurban, Yeni il, Novruz bayramları özləri ilə həm də bahalaşma gətirirlər Azərbaycana. Görəsən, mövcud qiymətlər orta azərbaycanlıya normal bayram süfrəsi açmağa imkan verirmi? Bu suala cavab tapmaq üçün öncə Bakının bazarlarına baş vurduq.
İlk üz tutduğumuz ünvan Nizami rayonunda « 8-ci kilometr bazarı» kimi tanınan ticarət mərkəzi oldu. Mərkəzin meyvə-tərəvəz bölməsində öncə o yan-bu yana gəzdik. Necə deyərlər bircə quş südü əskik idi. İstənilən bütün naz-neməti burada tapmaq mümkündü. Gəl ki, qiymətlər…

İki həftə öncədən bayramlıq etmək istəyənlər

Əlində sarı torba ilə bütün qiymətlərlə maraqlanan yaşlı qadın diqqətimizi çəkir. Yaxınlaşıb adını soruşuruq. Gülnaz xanım iki həftə öncədən bayramlıq etmək istəyir, amma münasib qiymətlər eşitmədiyindən tərəddüd edir. «Bəlkə başqa bazarlara üz tutum?» kimi suallarla şansını sınamaq istəyir. Amma satıcılar qadını bu fikrindən daşındırmağa cəhd edirlər.
«Ay xala, onsuz da bütün bazarlara mal eyni mərkəzdən gəlir. Meyvəlidən. Topdansatışla pərakəndəsatış qiymətləri arasında cüzi fərqlər var», - deyə satıcılardan biri vəziyyəti izah etməyə çalışır.
Söhbətə qarışmalı oluruq. «Nə üçün bir öncəki qiymətlərlə indiki qiymətlər arasında ciddi fərqlər var?» sualımıza əksər satıcılar çiyinlərini çəkməklə «cavab» verirlər. Elə Gülnaz xanımı da narahat edən budur. Niyə bayramqabağı meyvə-tərəvəz məhsullarının qiymətləri qalxır? Əslində bu sual indi hər kəsi, dövlət qurumlarını belə düşündürür.
İndi isə keçək qiymətlərə.

Hər şeyin yekəsi

Hər kəsin təriflədiyi İsmayıllının «Qızıl Əhmədi» almasının (seçmə) kilosu 3 manatdı. Qubanın «Qala»sını 2,5 manata almaq olar. Adi ağ almanın qiyməti 1,5 manatdan başlayır. Amma əksər azərbaycanlılar Qubanın ağ almasının xırda olduğunu bəhanə edib, Novruz süfrəsinə düzmək istəmirlər. Bu yerdə Azərbaycan milli yığmasının almaniyalı baş məşqçisi Berti Foqtsun gündəliyindəki qeydləri xatırlamaya bilmirəm. «Azərilərdə bir şey sezmişəm, onlar hər şeyin irisini sevirlər. Evlər böyük, maşınlar böyüş, ofislər, kitablar böyük, deyəsən qadının da böyüyünü xoşlayırlar». Bəli, biz meyvə-tərəvəz məhsullarının da irilərini xoşlayırıq.
Bayramda ehtyaclı insanların ən yaralı yeri qoz-fındıq, ləpə ilə bağlıdır. Onların qiymətləri həqiqətən də kəllə-çarxa çıxır. Məsələn, qoz-fındığın qiymətləri 3,5 manatdan başlayaraq dəyişir. Ləpələrin qiymətləri 8 manatdan yuxarıdır. Söhbətləşdiyimiz əksər alıcılar bildirirlər ki, indi qoz-fındıq satanlar müxtəlif hiylələrə əl atırlar. Qabaqcadan məhsulu suya qoyub, şişirdirlər. Su qoz-fındığın içinə keçir, daxildəki ləpə şişir. Bu da çəkidə özünü göstərir. Məsələn, 3,5 manata bir kilo adına satılan qozun nəmliyi nəmliyi getdikdən sonra çəkisi 700-800 qramdan artıq gəlməz. İçinəmli qoz aldıqdan sonra isə kiflənir, acılaşır. Qoz-fındıq barədə bu qədər.
Yegənə dəyişməz qiymətlər banan, ananas, kivi meyvələrinə məxsusdur. İlboyu onlar elə bayram qiymətinə satılır. Onların kilosu 2 manatdan heç vaxt aşağı düşmür. Səbəb aydındır. Çünki bu məhsullar xaricdən gətirilir və bu sektorla bəlli qrup məşğul olur.

Yerli məhsullar daha bahadır

Şabalıd, kişmiş, xurma, innab, iydənin, həmçinin ərik qurusu, gavalı turşusunun qiymətlərində də əhəmiyyətli dərəcədə artımlar var. Qonşu İranda, Gürcüstanda 50 qəpiklə 1 manat arası satılan bu məhsullar Azərbaycanda bir neçə dəfə bahadır.
Bakının digər məşhur bazarı - Yaşıl bazarda da vəziyyət təxminən eynidir. Səbzə (qoz, fındıq, şabalıd və s) satan Əhməd adlı satıcı bizimlə söhbətində bildirdi ki, məhsulların əksəriyyəti Türkiyə və İrandan gətirilir: «Zaqatalanın qozu, Balakənin fındığı, Qəbələnin şabalıdı idxal olunan eyniadlı məhsullardan bahadır. Yerli məhsulların keyfiyyəti yaxşı olsa belə, onları alan yoxdur. Hamı idxal məhsulları alır».
Qiymətlərin bahalığına gəldikdə isə həmsöhbətimiz bildirir ki, bütün satıcılar hər məhsulun bir kilosuna 10-20 qəpik qoyurlar: «Ondan artıq qaldırmaq mümkün deyil. Nə qədər baha satsaq belə gün ərzində 15-20 manatdan çox gəlir əldə edə bilmirik. Ümumiyyətlə «Sədərək»dəki «Meyvəli»də qiymətlər bahalaşıb. Əgər vətəndaşlar aşağı qiymətə bayram sovqatı almaq istəyirlərsə, martın 21-də gəlsinlər. Onda qiymətlər çox düşür»

Azər Mehdiyev: «Bahalaşmanın obyektiv və subyektiv səbəbləri var»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev Simsar.az-a açıqlamasında bildirib ki, bayram ərəfəsində Azərbaycanda qiymətlərin bahalaşması artıq ənənə halını alıb. Bahalaşmanın obyektiv və subyektiv səbəblərinin olduğunu deyən ekspert qeyd etdi ki, obyektiv səbəb qış aylarında məhsul qıtlığının olması və təlabatın artmasıdır. Bu mənada qiymətlərin baha olması başadüşüləndir. İqtisadçı hesab edir ki, bayramqabağı qiymətlərin baha olmasının əsas səbəbi iqtisadiyyatın ayrı-ayrı sektorlarının monopoliyada olmasıdır: «Heç kəsə sirr deyil ki, Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələri monopoliyadadır. Bunu rəsmi qurumlar da təsdiqləyir. Monopolistlər, inhisarçılar bazarda at oynadırlar, istədikləri qiymətləri diqtə edirlər». Bahalaşmaya psixaloji amillərin də təsir etdiyini deyən A.Mehdiyevin sözlərinə görə, Azərbaycanda bir qayda olaraq bayramlar ərəfəsində qiymətlər ehtiyac olmadığı təqdirdə artırılır: «Müvafiq dövlət qurumları bazarda qeyri-sağlam rəqabətin, süni qiymət artımının qarşısını almaq üçün hərəkətə keçməlidilər. Qiymətlərin bahalığının səbəbləri öyrənilməlidir. Həmçinin qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı ilə bağlı real proqramlar həyata keçirilməlidir. Neft pullarının dövlət büdcəsində, iqtisadiyyatda payının artması öz fəsadlarını göstərir. Bəzən neftə lənətlənmiş ehtiyat adı da verirlər. Çünki neftlə zəngin olan bəzi ölkələrdə bahalaşma olur, əhalinin bir qrupu kəskin varlanır, digər qrupu isə kasıblıqdan əziyyət çəkirlər. Həmçinin bazarlarda xarici məhsulların çəkisi əhəmiyyətli dərəcədə artır».

Rafiq Təmrazov: «Bayram süfrəsi 500 manata başa gəlir»

Sosioloq Rafiq Təmrazov isə hesab edir ki, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olanlarla bağlı hökumət müxtəlif dəstək layihələri həyata keçirməlidir: «Hesablamalar göstərir ki, Azərbaycanda normal bayram süfrəsi 500 manata başa gəlir. Amma bizdə orta aylıq əməkhaqqı heç 300 manat deyil. Belə çıxır ki, vətəndaş bir aylıq maaşını bir günün içində bayramlığa xərcləməlidir. Yaranmış vəziyyət olduqca qorxuludur. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yarmarkalar təşkil edib, vətəndaşların münasib qiymətlərlə bayramlıq etmələrinə şərait yaratmalıdılar»

Nazirlik süni qiymət artımına qarşı mübarizəyə başlayıb

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Novruz bayramı ilə əlaqədar intensiv monitorinqlərin aparılmasına başlayıb.
Məqsəd bazarlarda süni qiymət artımının qarşısının alınması, əhalinin daha keyfiyyətli məhsullarla təmin olunmasıdır. Dövlət Xidməti tərəfindən monitorinq və nəzarət tədbirləri daim aparılır. Həmçinin qeyd olunub ki, yarmarkalarda qiymət intizamına və məhsulun keyfiyyətinə ciddi nəzarət olunacaq.
Qeyd edək ki, Bakıda Novruz bayramı ilə əlaqədar İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil ediləcək yerlərin adları açıqlanıb.
Simsar.az-ın məlumatına görə, yarmarkalar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilir.
Yarmarkalar 10-20 mart tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaq.
Simsar.az yarmarkaların keçiriləcəyi yerlərin siyahısını bir daha oxucuların diqqətinə çatdırır.

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə;

Xətai rayonu
- “Bakı” kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

Nəsimi rayonu
- “Təzə bazar”ın ərazisi;
- 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Qaraçuxur qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı;

Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol Vağzalının yanı.


Ruslan XƏLİL

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!