29 Fevral, 2012
Azərbaycan Rusiyadan 300 milyon dollar tələb edir

Moskva ilə Bakının Qəbələ RLS-lə bağlı danışıqları dalana dirənib

Rusiyanın “Kommersant” qəzeti 29 fevral sayında Moskva ilə Bakının Qəbələ RLS-lə bağlı danışıqlarının dalana dirəndiyini yazıb.

 Simsar.az saytının məlumatına görə, qəzet iddia edir ki, Azərbaycan stansiyasının icarə haqqını ildə 7 milyon dollardan 300 milyon dollara qaldırmaq istəyir: “Moskva isə bu rəqəmlə razılaşmır və Bakını Qəbələ RLS-i tərk etməklə hədələyir. Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirir ki, Moskva Azərbaycanın istədiyi məbləğin qat-qat aşağı salınmasına çalışır”.

Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. 6 min kilometr radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi icarəyə verib.

“Kommersant” hərbi mənbələrə istinadla iddia edir ki, 2012-ci ildə aparılan danışıqlarda Azərbaycan icarə müddətini artırmaq üçün əvvəlcə ilə 15 milyon dollar istəyib, sonra rəqəmi 150 milyon dollara qaldırıb, indi isə 300 milyon dollar tələb edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!