28 Fevral, 2012
Daşqın bölgəsinin problemləri müzakirə olunub

Polisin tədbirdə iştirak etmək istəyən şəxslərə mane olmaq cəhdi baş tutmayıb

Fevralın 28-də Sabirabadda 2010-cu ilin yazında baş vermiş çay daşqınlarının nəticələrinin aradan qaldırılması problemlərinə həsr olunmuş görüş keçirilib. “Turan” xəbər verir ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının təşkilatçılığı ilə keçirilən görüşdə daşqından zərər çəkmiş əhalinin, vətəndaş cəmiyyəti qurumlarının, yerli və mərkəzi hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Yerli hakimiyyət nümayəndələrinin və polisin tədbirdə iştirak etmək istəyən şəxslərə mane olmaq cəhdi baş tutmayıb.

“Kür” qərargahının koordinatoru Oqtay Gülalıyev təsərrüfatları hələ də bərpa olunmayan vətəndaşlara maddi yardım göstərilməsi, yaz əkini mövsümündə fermer təsərrüfatlarına əkin materiallarının, yanacaq və texnikanın verilməsi zərurətindən danışıb: “Zərərçəkmiş fermerlərə güzəştli kreditlərin verilməsi də onlara ciddi dəstək olardı”.

Görüşə Saatlı, İmişli, Şirvan, Hacıqabul və digər bölgələrin sakinləri də qatılıb. Onlar şəffaflıq və effektivliyin artırılması istiqamətində təkliflərin hazırlanması və hökumətin təşəbbüslərinin reallaşmasında yerli icma nümayəndələrinin iştirakı ideyasını dəstəkləyiblər.

2010-cu ildə Kür və Araz çaylarının sahildən çıxması nəticəsində Kürətrafı 8 rayonda 100 min hektar ərazini və 20 min evi su basıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!