27 Fevral, 2012
“1-2 min manatlıq saytların keyfiyyəti aşağı olur”

İsfəndiyar Əliyev: “Bu, bəzi şirkətlərin və ya fərdi şəxslərin aztəminatlılığının göstəricisidir”

“Elə bir vəziyyət yaranıb ki, 1-2 min manata sayt hazırlamaq mümkündür. Bu da yeni resursların aşağı keyfiyyətindən xəbər verir. Bu, bəzi şirkətlərin və ya fərdi şəxslərin aztəminatlılığının göstəricisidir. Biz onlara yardım etmək məqsədilə saytların hazırlanması və onların təhlükəsizliyinin təmin olunması üçün hazırladığımız qaydalara əməl etməyi təklif edirik”.

Simsar.az-ın məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri İsfəndiyar Əliyev mətbuata açıqlamasında bildirib.

İ.Əliyev həmçinin qeyd edib ki, dünyada kompyuter və proqram texnologiyaları daim dəyişir, proqramçıların təhsili və texniki təminatının səviyyəsi artır: “Bu səbəbdən də bizim saytların mütləq müdafiəsini gözləməyə dəyməz. Nə qədər ki virtual məkan mövcuddur, haker hücumları həmişə olacaq, kibercinayətkarların hücumlarınını qarşısını tam almaq mümkün deyil. Bizim vəzifəmiz isə, milli internet resurslarını yaxşı müdafiə etməkdir. Artıq dövlət saytlarının yaradılmasının yeni qaydaları hazırlanıb, hökumət bu qaydaları təsdiq edib və onlar bütün dövlət resursları üçün məcburidir. Düşünürəm ki, yeni qaydaların qəbulu və tətbiqi ilə onların təhlükəsizliyi əhəmiyyətli dərəcədə artır. Bizim başqa yolumuz yoxdur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!