24 Fevral, 2012
Xocalı soyqırımı rəsmlərdə

Soyqırımı əks etdirən sərgilər təşkil olunub 

Xocalı soyqırımının 20-ci il dönümünə həsr olunmuş rəsm sərgiləri təşkil olunub. Bugün “LN” Art Sentre İncəsənət Mərkəzində “Qarabağ dərdimiz - Xocalı soyğırımı uşaqların gözü ilə” rəsm sərgisinin açılışı olub. Tədbir “Zirvə” Ziyalılar Təşkilatının təşəbbüsü ilə düzənlənib. Sərgidə 40-a yaxın şagirdin Xocalı soyqırımını əks etdirən rəsm işləri nümayiş etdirilib. Açılış sözü ilə “Zirvə” ziyalılar fondunun prezidenti, rəssam Minyə Feyzullayeva çıxış edərək “Həyat davam edir” kitabından soyqırımla bağlı epizod oxuyub. Şairə Mərcan Şahbuzlu bu mövzuda şeir səsləndirib. Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov isə mahnısını ifa edib. Tədbirdə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, jurnalist Elnurə Nüsrətbəyli də çıxış ediblər. 
Sonda rəsmləri sərgilənən məktəblilərə “Zirvə” Ziyalılar Təşkilatının diplom və serifikatları təqdim olunub.

Xocalı soyqırımına aid sərgilərdən biri də Vəcihə Səmədova adına Sərgi Salonunda düzənlənib. Tədbirdə gənc rəssamların əsərləri nümayiş etdirilib. Sərginin açılışında Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış ediblər.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!