23 Fevral, 2012
İki aydan sonra "Azərbaycan tələbə kartı" tətbiq olunacaq

Bütün tələbələr bundan istifadə edəcək

"Azərbaycan tələbə kartı" yaxın iki ayda tətbiq oluna bilər. Simsar.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, tələbə kartını hazırlayan şirkətin nümayəndələri artıq Bakıda olub və onlarla danışıqlar aparılıb.

"Hazırda "Tələbə kartı"nın dizaynı üzərində işlər gedir. Azərbaycandakı bütün tələbələr, o cümlədən gənclər bu kartdan istifadə edə biləcəklər", - nazir deyib.

O, tələbə kartının tətbiqinin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulduğunu da qeyd edib.

Nazir həmçinin bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Gənclər Fondunun yerləşməsi ilə bağlı bir neçə ərazi təklif edib. Hazırda bu təkliflər nəzərdən keçirilir.

"Sözsüz ki, 10 nəfər böyük ştat deyil. Amma onlar hardasa oturmalıdırlar. Gənclər Fondunun yaradılması ilə bağlı ölkə Prezidenti sərəncam verib. Fondun fəaliyyəti ilə bağlı bütün sənədlər hazırlanıb və hesab açılıb. Artıq demək olar ki, fond fəaliyyətə başlayıb", - Rəhimov deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!