22 Fevral, 2012
Sabirabadın icra başçısı sakinlərlə görüşə yer ayırdı

Fevralın 28-də görüş olacaq

Sabirabadda Kür-Araz daşqınlarının təsirinə məruz qalan sakinlərin bu ilin yanvar ayının 7- də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri ilə görüşünə yerli İcra Hakimiyyəti və Polis Şöbəsi tərəfindən icazə verilməyib. Görüşün keçirilməsi üçün öncədən “Şam” İstirahət Mərkəzi ilə müqavilə bağlansa da müqavilə ləğv edilərək görüşə gələnlər polisin gücü ilə dağıdılıb, Qərargah nümayəndələri Mehman Əliyev və Oqtay Gülalıyev Polis Şöbəsinə dəvət edilərək onlarla söhbət aparılıb.
Simsar.az-ın məlumatına görə, bundan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Prezident Administrasiyasına və Sabirabad rayon İcra Hakimiyyətinə rəsmi müraciət edərək nəzərdə tutulan görüşün keçirilməsinə şərait yaradılmasını istəyiblər. Yanvarın 25- də rayon İcra Hakimiyyətinə dəvət olunan “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla görüşüb. Görüşdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini bildirən N. İsmayılov nəzərdə tutulan görüşün keçirilməsinə şərait yaradılacağını bildirib.
Dünən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai- siyasi şöbəsindən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına Kür Araz daşqənlarının təsirinə məruz qalan sakinlərlə nəzərdə tutulan görüşün fevral ayının 28- də keçirilməsinə razılıq verildiyi və bunun üçün müvafiq yer ayrıldığı bildirilib.
Görüşdə daşqınların təsirinə məruz qalan sakinlərlə yanaşı Fövqəladə Hallar Nazirliyinin, yerli İcra Hakimiyyətlərinin və digər dövlət qurumlarının da iştirakı gözlənilir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!