21 Fevral, 2012
Bu gün Su çərşənbəsidir

İnanca görə, "təzə su"dan keçənlər il boyu xəstəlikdən uzaq olurlar

Bu gün Su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Bu gündə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. İnanca görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanə və rəvayətlər var.
“Süfrəyə su dağılması aydınlıqdır”, “Su içən adamı ilan çalmaz” , “Lal axan sudan keçməzlər” kimi inanclarımız, “Su olan yerdə dirilik olar”, “Su ehsandır”, “Su murdarlıq götürməz”, “Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz” kimi atalar sözlərimizdə suyun müqəddəsliyi əks olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!