18 Fevral, 2012
Yol Patrul Xidmətində işləmək istəyənlərin nəzərinə!

Xidmətə qəbul ilə bağlı müsabiqə elan edilib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının yol–patrul xidməti inspektoru vəzifəsində xidmətə qəbulla əlaqədər müsabiqə elan edir. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun Simsar.az-a məlumat verib.

Müsabiqədə silahlı qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, yaşı 20-dən 30-a qədər, boyu 1,75 sm-də yuxarı, düzgün bədən quruluşlu və idman cüssəli, avtomobil nəqliyyatına aid orta texniki ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi və Bakı şəhəri üzrə daimi pasport qeydiyyatında olan vətəndaşlar iştirak edə bilər.

Qeyd edək ki, şərtlərə uyğun gələn və müsabiqədə iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi, təhsili haqqında sənədin əsli, hərbi bilet, sürücülük vəsiqəsi, əmək kitabçası (olanlar üçün) ilə 2012-ci ilin mart ayının 1-dək hər gün şənbə v bazar günlərindən başqa saat 10-dan 17-dək Bakı şəhər BPİ DYPİ kadrlar bölməsinə (4-cü mərtəbə 402-ci otaq) müraciət edə bilərlər. Bundan başqa, müraciət etmək istəyənlər 012 510 72 90 saylı əlaqə telefonu ilə əlaqə saxlaya bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!