17 Fevral, 2012
“AMB Prodakşn” Azərbaycanın uğurları barədə sənədli film çəkib

İki seriyalı sənədli film “SKY Turk” telekanalında nümayiş etdiriləcək 

Türkiyənin “AMB Prodakşn” şirkəti Azərbaycanın müstəqillik illərində uğurları barədə 2 seriyalı sənədli film çəkib. Simsar.az-ın “Vesti.az” saytına istinadən verdiyi məlumata görə, “Qafqaz Avropası” adlı film 18-19 fevral tarixlərində Türkiyənin “SKY Turk” telekanalında nümayiş etdiriləcək. 

Filmdə son 20 ildə Azərbaycanın mərhum Heydər Əliyev və prezident İlham Əliyevin ölkəyə rəhbərliyi altında necə dəyişməsindən bəhs olunur. Müstəqilliyin ilk illərində Azərbaycanın ağır şərtlərlə kredit aldığı, indi isə dost dövlətlərə kredit verdiyi vurğulanır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qarantı rolunda çıxış edən dövlətlərdən biri olmasına da diqqət çəkilir. ARDNŞ-in “Petkim” layihəsinin qardaş Türkiyədə rekord səviyyədə investisiya olduğu da qeyd olunur. Filmin türkiyəli ssenari müəllifləri Azərbaycanın artıq neçə ildir ki, enerji layihələrindən əldə etdiyi vəsaiti insan kapitalına, elm, mədəniyyət, incəsənət, o cümlədən zəngin mədəniyyətini dünyada tanıtmağa yönəltdiyini də nəzərə çatdırırlar. Filmdə Bakıda və regionlarda həyata keçirilən Heydər Əliyev Mərkəzi, Ağ şəhər, “Flame Towers”, “Şahdağ” Turizm Mərkəzi kimi nəhəng layihələrdən də söz açılır. 

Qeyd edək ki, bu, “AMB Prodakşn” şirkətinin Azərbaycanda ilk işi deyil. Şirkət 2003-ü ildə “Azərbaycan - Odlar Ölkəsi və Heydər Əliyev” sənədli filmini çəkib. Bu film də “SKY Turk” telekanalında nümayiş etdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!