16 Fevral, 2012
Viza rejimilə bağlı müsabiqə elan olundu

Yazı 1000 sözdən artıq olmamalı və heç bir KİV-də dərc edilməməlidir 

“Demokratiya naminə musiqi” kampaniyası yazı müsabiqəsi elan edib. Viza siyasəti, vizaların verilməsi sahəsində liberallaşdırma və vizaların verilməsi mövzuları üzrə keçirilən müsabiqəyə yazılar fevralın 18-dən martın 18-dək qəbul olunacaq.

Martın sonunadək yazılar araşdırılacaq, ən yaxşı 3 yazı seçiləcək, aprelin 2-də müsabiqə qalibləri elan ediləcək. Mükafat məbləği 1-ci yer üçün 300, 2-ci yer üçün 250, 3-cü yer üçün isə 200 ABŞ dollarıdır.

Müsabiqənin məqsədi Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışması ərəfəsində Azərbaycanda vizaların verilməsi qaydaları, viza siyasəti və liberallaşdırma, vizaların verilməsindən imtina və bununla əlaqəli mövzular üzrə araşdırmaları təşviq etmək, bu məsələyə ictimai diqqəti artırmaqdır. Yazılar təkcə musiqi yarışması ilə məhdudlaşdırılmır.

Müsabiqəyə təqdim ediləcək yazılar “Times New Roman 12” şrifti ilə yazılmalı və 1000 sözdən artıq olmamalıdır. Yazılar heç bir KİV-də çap edilməməli və Azərbaycan dilində təqdim olunmalıdır. Müsabiqədə istənilən şəxs iştirak edə bilər. Yazılar singfordemocracy@gmail.com ünvanına göndərilməli və ya çap şəklində təqdim edilməlidir.

Müsabiqənin münsiflər heyəti üç jurnalistdən ibarətdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!