14 Fevral, 2012
Bu gün Hərbi Hava Qüvvələri günüdü

Cənubi Qafqazın ən güclü ordu bölümü bu günü qeyd edir


Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur. 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

1992-ci ilin sentyabrında verilən prezident Əbülfəz Elçibəyin fərmanı ilə 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur.

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qatillər hələ də məsuliyyətə cəlb olunmayıb.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi.

2008-2010-cu illər ərzində HHQ-nin aviaparkı modernləşdirilib.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

Simsar.az Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu qurumda təmsil olunan bütün hərbçiləri təbrik edir, aydın fəza arzulayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!