8 Fevral, 2012
“Azəryolservis” gücləndirilmiş iş rejiminə keçib

Bütün yol istismar idarələri hazırlıq vəziyyətinə gətirilib, xüsusi texnika və işçilər avtomobil yollarının təmizlənməsi ilə məşğuldurlar

Respublika yollarında avtomobillərin normal hərəkətinin təmin edilməsi üçün bütün ehtiyatlar işə salınıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, dünən axşamdan hava şəraitinin yenidən pisləşməsi ilə əlaqədar bütün yol istismar idarələri hazırlıq vəziyyətinə gətirilib, xüsusi texnika və işçilər avtomobil yollarının təmizlənməsi ilə məşğuldurlar. Hazırda enişli-yoxuşlu avtomobil yollarına duz-qum qarışığı səpilir. Həmçinin mövcud hava şəraiti nəzərə alınaraq respublika üzrə duz ehtiyatı da artırılıb.

Bildirilib ki, hava şəraitinin kəskin pisləşməsi və qarla bərabər çovğunun davam etməsi bəzi yollarda nəqliyyatın işinə çətinlik yaratsa da, heç bir istiqamətdə avtomobillərin hərəkəti tam dayanmayıb. Sadəcə olaraq, sürücülər hava şəraitinə uyğun sürət həddi seçməlidirlər. Eyni zamanda, növbətçilik cədvəli əsasında bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir və proses nəzarət altındadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!