7 Fevral, 2012
Evlilik verilişlərinə qarşı narazılıqlar artır

MTRŞ səviyyəsiz veriliçlərin bağlanması ilə bağlı addımlar atmaq istəyir 

Bu gün aldığımız məlumata görə, yaxın müddətdə ANS telekanalındakı "Toy olsun" və ATV-dəki "Onun yarısı" verilişlərinin yayımı dayandırıla bilər. Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli da fevralın 6-da bildirib ki, televiziyalardakı bəzi səviyyəsiz verilişlərin yayımını dayandırmaq üçün bu quruma səlahiyyət verilməsi zəruridir.

MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov Modern.az saytına deyib ki, Şura tərəfindən bu cür verilişlərə qarşı həmişə etiraz olunub:

“ Biz bu verilişlərin əleyhinəyik. Belə verilişlər Azərbaycan xalqının mədəni irsinə, mənəviyyatına, əxlaqına ziddir. Buna baxmayaraq, biz bu cür verilişlərin yayımını dayandıra bilmirik. Bununla bağlı telekanallara yalnız tövsiyə verə bilərik. Verilişi yalnız yayımçı özü dayandıra bilər”.

ANS televiziyasının ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov “Toy olsun”un yayımı ilə bağlı heç bir problemlə üzləşmədiklərini bildirib: “Bu veriliş hər gün olduğu kimi efirə çıxacaq”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bu verilişləri sərt tənqid etmişdi. O, bildirmişdi ki, Azərbaycan telekanallarındakı izdivac verilişləri onları çox narahat edir və belə davam edərsə, Şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!