4 Fevral, 2012
Gənclər Əli Abbasovu "İlin məmuru" sanır

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da mətbuatla sıx əlaqələrə görə mükafatlanıb

"İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən keçirilən sorğu nəticəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "İlin məmuru" seçilib. Bu barədə Gün.Az İctimai Birliyin struktur sədri Fərid Şahbazlı məlumat verib.

O bildirib ki, sorğu gənclər, jurnalistlər, tələbə və müəllim kollektivləri arasında keçirilib. Ötən gün baş tutan görüşdə uğurlu fəaliyyətə və ictimaiyyətlə sıx əlaqələrə görə nazirə "İlin məmuru" mükafatı təqdim olunub.

Görüş çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirova da mətbuatla sıx əlaqələrə görə mükafat təqdim edilib.

Qeyd edək ki, 5 ildir ki, Azərbaycanın gənclər sektorunda fəaliyyət göstərən "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı (UGT) "İslahatçı Gənclər" İctimai Birliyi kimi dövlət qeydiyyatından keçib.

İctimai Birliyin əsas məqsədi ölkədə həyata keçirilən islahatlara dəstək vermək, müəyyən istiqamətlər üzrə təkliflərlə çıxış etmək, gənclərin ictimai-siyasi proseslərdə iştirakına yardım göstərməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!